logo

Türkmənistan prezidenti bu dəfə əli silahlı görüntüləndi

11:55 11-11-2021 | icon 2457
Türkmənistan prezidenti bu dəfə əli silahlı görüntüləndi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov odlu silahdan sərrast atəş açmaq məharətini nümayiş etdirib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkmənistan televiziyası reportaj nümayiş etdirib. Süjetdə prezident hərbi və hüquq-mühafizə orqanlarının təsərrüfat idarəsinin yaradılması üzrə işləri yoxlamaq məqsədilə rayonların birinə səfəri zamanı tapançadan istifadə etmək bacarığını göstərib.

Türkmənistanın Ali Baş Komandanı atıcılıq tirinə gedib və tapança ilə hədəfə bir neçə atəş açıb. Bütün güllələr hədəfin mərkəzinə dəyib.

Prezident hərbi-tətbiqi idman növləri ilə məşğuliyyətin bütün şəxsi heyət üçün zəruri olduğunu və döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə kömək etdiyini vurğulayıb.

Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov mütəmadi olaraq güc strukturlarının rəhbərlərinə müxtəlif növ silahlardan atəş açmaq bacarığını nümayiş etdirir. O, 2019-cu ilin iyun ayında keçirilən hərbi təlimlərdə velosiped sürərkən tapançadan hədəflərə dəqiq atəş açmaq məharətini göstərib.

Türkmənistan prezidentinin digər bir xobbisi də mahnı oxumaqdır. O, tez-tez bu bacarığı ilə mətbuaytın gündəminə gəlir.