logo

“İslam Səfərli” tankeri istismara verilib

11:53 25-12-2017 | icon 2373
“İslam Səfərli” tankeri istismara verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “İslam Səfərli” tankerinin əsaslı təmiri başa çatıb. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilən təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb. Təmir prosesində tankerin baş mühərrikləri, nasoslar, elektrik mühərrikləri və digər mexanizmlər əsaslı təmir olunub. Köməkçi mühərriklər isə yenisi ilə əvəzlənib. Gəmidə elektrik avadanlıqlar sazlanıb. Eyni zamanda tankerdə ümumi təmizləmə, gövdə hissəsində defektasiya, yük anbarlarında və ballast çənlərində qüsur aktlarına əsasən gövdə-qaynaq işləri görülüb. Üzən vasitənin sualtı və suüstü hissələri, göyərtəsi rənglənib.

Xatırladaq ki, uzunluğu 125,06 metr, eni 16,63 metr olan tankerin maksimal sürəti 11,3 uzeldir. Gəmiçiliyin nəqliyyat donanmasına məxsus gəmi maye yüklərin daşınmasında istismar edilir.

Onu da deyək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir.

Yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni gəmilər hesabına donanmanın daha da gücləndirilməsi planlaşdırılır.