logo

ÜST:Son bir həftədə dünyada 50 min insan koronavirusdan ölüb

11:33 03-11-2021 | icon 3080
ÜST:Son bir həftədə dünyada 50 min insan koronavirusdan ölüb

Ötən həftə dünyada 3 milyon nəfər koronavirus infeksiyasına yoluxub, 50 mindən çox insan isə ölüb.

YeniAvropa Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, yeddi gün ərzində COVID-19 infeksiyasına yoluxma halları 3 faiz, ölüm halları isə 8 faiz artıb.

Təşkilatın məlumatına görə, oktyabrın 25-dən 31-dək dünyada 3 milyon 21 min 634 yoluxma və 50 min 477 ölüm faktı qeydə alınıb. Həftə ərzində koronavirusa ən çox yoluxma Birləşmiş Ştatlarda baş verib - 528 min 455 nəfər. Bu göstəriciyə görə ABŞ-ın ardınca Böyük Britaniya (285 min 28 nəfər), Rusiya (272 min 147 nəfər), Türkiyə (182 min 27 nəfər) və Ukrayna (152 min 897 nəfər) gəlir.

Yoluxma hallarının demək olar ki, 60 faizi Avropada qeydə alınıb. Ötən həftə ərzində Avropada koronavirusa yoluxanların sayı 6 faiz çoxalıb. Amerika ölkələrində bu göstərici 3 faiz, Qərbi-Sakit okean regionunda isə 2 faiz təşkil edib. Eyni zamanda, Şərqi Aralıq dənizi regionunda 12 faiz, Cənub-Şərqi Asiya regionunda 9 faiz, Afrikada isə 9 faiz azalma müşahidə olunub.

Ölüm hallarının miqdarında isə ən böyük artım Cənub-Şərqi Asiyada baş verib – 50 faiz. Avropada bu göstərici 12 faiz, Qərbi Sakit Okean regionunda 10 faiz olub. Yoluxanlar arasında “delta” ştammı dominantlıq edir. Son 60 gün ərzində analizlərin 99,5 faizində bu ştamm aşkarlanıb.

Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına görə, dünyada indiyədək koronavirusa 248 milyon 314 mindən çox yoluxma qeydə alınıb. İnfeksiya səbəbindən ölənlərin sayı 5 milyon 29 min nəfəri ötüb, sağalanların sayı 225 milyon nəfərə çatıb.