logo

Səhiyyə nazirinin müavini:30 min aktiv xəstə,10 min çarpayımız var...

19:09 23-08-2021 | icon 2604
Səhiyyə nazirinin müavini:30 min aktiv xəstə,10 min çarpayımız var...
İnsanları peyvənddən yayındıran həmin adamların bu ölümlərdə əli var.

YeniAvropa xəbər verir ki, bu fikri shiyyə nazirinin birinci müavini Teymur Musayev "REALTV"yə müsahibəsində səsləndirib. 

Oxucularımız üçün də maraqlı olduğunu nəzərə alaraq həmin müsahibəni təqdim edirik:

-Teymur müəllim, müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm. Elə birbaşa mətləbə keçək. Bu gün COVİD-19-la mübarizə ilə bağlı vəziyyət necədir? Belə bir sual vermək bilmirəm nə dərəcədə yerinə düşür? Dünyada neçənciyik?

-Maraqlı sualdır, Mir Şahin müəllim. Həqiqətən də bu gün insanlar daima bu sualı verir. Biz neçənciyik, digər ölkələrin arasında hansı vəziyyətdəyik. Bildiyiniz kimi, artıq 2 ilə yaxındır ki, dünya bu bəla ilə döyüşür. Bizim ölkə də həmin bu cəbhədə öndə duran ölkələrdən biridir. Oda ölkə rəhbərimiz möhtərəm Cənab Prezidentin uzaqgörən siyasəti, öncədən, qabaqcadan görülmüş qabaqlayıcı tədbirlər nəticəsində demək olar ki, Azərbaycan COVİD-19 pandemiyası ilə bağlı istənilən durumlara cavab verməyə hazırdır. Yetərincə çarpayı fondu, yetərincə qabaqlayıcı avadanlıqlar. tələb olunan dərmanlar, digər vasitələr və ən əsası mütəxəssislər ölkəmizdə mövcuddur. Ona görə də Səhiyyə sistemi olaraq COVİD-19-un istər birinci, istər ikinci, indi yaşadığımız üçüncü dalğasına da layiqincə cavab verməyə hazırıq. 

-Son zamanlar müəyyən yumşalma və açılmalardan sonra artım dinamikası həndəsi silsiləyə keçib. Vəziyyət nəzarətdən çıxmaq təhlükəsi ilə üz-üzədir demək olar? Yəni bizim qırmızı xəttimiz haradır?

-Ümumdünya Səhiyyə Təşkilatının müəyyən göstəriciləri var ki, onlara uyğun olaraq hər 100 min nəfərə yoluxma sayı və ya müəyyən analizlərin sayına görə, orada müsbət nəticəsi çıxan insanların sayına görə, ölkələr narıncı, yaşıl və ya qırmızı zonaya daxil olur. Amma fərdi olaraq hər bir ölkənin öz qırmızı həddi var. Oda birbaşa reanimasiya çarpayı fondunun və süni tənəffüs aparatlarının sayı ilə bağlıdır. Bu baxımdan hal-hazırda baxmayaraq ki, dediyiniz kimi sıçrayış baş verib. Bu da son zamanlar dünyada yayılmış SARS-CoV-2  virusunun delta ştammı ilə bağlıdır. Digər ştamlardan fərqli olaraq daha sürətlə yayılır. 30 faiz daha sürətlə yayılması var. Bununla bağlıdır. Buna baxmayaraq çarpayı fondda heç bir problem yoxdur.

 

 

-Nə qədər çarpayılarımız var indi?

-Sırf COVİD-19-la bağlı Azərbaycanda çarpayı fondu 10 mindən artıqdır. Çox qəsa bir müddətdə ölkə başçımızın göstərişi ilə və beynəlxalq aləmdə olan nüfuzu nəticəsində ölkəmizdə kifayət qədər yeni tipli modul xəstəxanalar quraşdırılıb, sırf pandemik dövrlə bağlı. Digər xəstəxanaların maddi, texniki bazası COVİD-19 pandemiyaya uyğun vəziyyətə gətirilib və həkimlərimiz müəyyən təlimləri keçərək bu xəstəliklə mübarizəyə cəlb olundular. Eyni zamanda bilirisiniz ki, beynəlxalq dəstək də olundu. Xaricdən, Çindən, Rusiyadan və Kubadan, İtaliyadan da müəyyən həkimlər, mütəxəssislər qrupları da gəlib. Bizim həkimlərlə bərabər çalışaraq, eyni zamanda bizim həkimlərimiz üçün təlim də keçirdilər. 

-Dediniz ki. 10 min çarpayı var və aktiv xəstələrin də sayı 30 mini keçir. Bəlkə də bizim müsahibəmiz efirə gedəndə daha 300-500 nəfər artım olacaq. Necə izah etmək olar 30 min aktiv xəstə və 10 min çarpayı. İlk baxışda 3 dəfə artıqdır xəstələrin sayı.

-Aktiv xəstə dedikdə biz heç də onları stasionarda müalicə alan xəstə kimi qəbul etmirik, onların arasında simptomlu, simptomsuz, ev şəraitində müşahidə olunan xəstələr var. Bir qismi  stasionarda yatır.  Bir qismi stasionarın reanimasiya şöbələrindədir. Ona görə çarpayımız yetərincədir. Hal-hazırda çarpayı fondunun doluluğu 50 faizə heç çatmır. 

 

 

-Delta ştammı daha sürətlidir.

-Bəli 

-Daha da təhlükəlidir demək olarmı? İkinci sualım da elə bu sualın davamı olacaq. Bizim səhiyyə müəssisələrimiz deltanın sürətinə nə dərəcədə adekvatdılar? Ayaqlaşa bilirikmi?

-Tam ayaqlaşırıq, problem yoxdur. Təhlükəyə gələndə digər ştammlara baxanda daha sürətlə yayılması var. Amma ağırlaşma faizi və ölüm faizi digər ştammlardan bir qədər aşağıdır. 

-Bəs belə bir söhbət də var ki, COVİD-19-un artıq belə demək olarsa da, ənənəvi versiyaları zamanı tətbiq olunan dərmanlar delta ştammına işləmir. Nə dərəcədə düzgündür bu söhbət. 

-Ümumiyyətlə COVİD-19 pandemiyası başlayandan demək olar ki. həmin xəstəliyin birbaşa müalicəsi bəlli deyildi. Və mütəxəssislər, həkimlər, tibb aləmi döyüşə-döyüşə, xəstəliyin xüsusiyyətlərini öyrənə-öyrənə. eyni zamanda da formokoloji şirkətlərin apardığı son ixtiralarına əsaslanaraq müəyyən dərmanları sınaqdan keçirdilər. İstənilən ştamma qarşı müəyyən kombinasiya kifayət qədər effektivlik göstərir. Lakin erkən dövrdə. Ona görə vətəndaşlarımızı simptomlar ortaya çıxdıqda test verib və dərhal həkimlərə müraciət tövsiyə edirəm. Uzadıb evdə müalicə alıb, yəni ara məsləhətlərlə özünüzü idarə eləməyin. 

-Bir haldaki, əhaliyə müraciət etdiniz, istəyərdim ki, əhaliyə bir peyvənd müraciəti də edəsiniz. Mən bilmirəm bu barədə nə düşünürsünüz, bir az pessimistəm, bizim peyvənd mədəniyyətimiz məncə qane edici səviyyədə deyil, necə düşünürsünüz?

-Peyvənd mədəniyyəti anlayışı daim bəşəriyyət üçün aktual olub. Tarix boyu insanlar qabaqcıl təfəkkür, yeni-yeni ixtiraları qəbul etməyə çətinliklər çəkiblər. Oda nə ilə bağlıdır. Əsasən bəşəriyyət yalnız fövqəladə və böhran zamanı tərəqqiyə doğru təkan alır və həmin bu hər bir böhran eyni zamanda böyük bir imkanlar deməkdir. Son pandemiya ilə bağlı çox qısa bir müddətdə tibb elmini, formokologiya elminin peyvənd istehsalında istifadə olunan yeni qabaqcıl texnologiyalara əsaslanaraq çox qısa müddətdə peyvənd ortalığa çıxdı. Müxtəlif peyvəndlər hazırlandı və istifadəyə verildi. Təbii ki, bunların istifadəsi fövqəladə bir durumda gündəmə gəldi. İnsanlar hər bor ölkənin öz peyvəndləmə ilə bağlı tarixi var. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanda bu tarix kifayət qədər zəngin və qürurvericidir. Biz digər ölkələrə baxanda heç də peyvənd inkar edən ölkələr siyahısında deyilik. Ona görə də, sizin pessimistliyinizi mən o qədər də bölüşə bilmirəm və qəbul edə bilmirəm. Ona görə ki, hamımız uşaqlıqdan başlayaraq planlı şəkildə xüsusi təhlükəli infeksiyaya qarşı peyvəndlənirik və onun hesabına bizimlə indi oturub ola bilsin peyvəndləmə problemlərini və inkar edənləri müzakirə edirik. Lakin bir məsələni qeyd etmək istəyirəm ki, dırnaqarası ekspertlər, ictimai fəallar deyimmi, yaxud da xadimlərmi deyim, sosial media, sosial şəbəkələr, kütləvi informasiya vasitələrində insanları peyvəndlənmədən uzaqlaşdırmaqla məşğuldurlar. Üzümü tutub deyirəmki, sizinlə apardığımız söhbət anında reanimasiya şöbələrində dünyasını dəyişən insanların ölümlərində həmin insanların məsuliyyəti var və əli var. Bu bir cinayətdir. 

-Bu gün ölkə əhalisinin hansı faizi peyvənd olunub?

Bildiyiniz kimi Azərbaycanda COVİD-19-a qarşı peyvəndləmə kampaniyası cari ilin 18 Yanvar tarixindən başlayıb. İlk öncə tibb işçiləri, 60 yaşdan yuxarı insanlar və xroniki xəstəlikləri olan şəxslər peyvəndləməyə cəlb olunublar. Sonradan mərhələli olaraq qəbul edilmiş strategiyaya əsasən digər yaş qrupları da peyvəndlənməyə dəvət olunublar. Hal-hazırda peyvəndlənmiş insan anlayışı deyəndə biz iki dozasını almış və üstündən 14 gün keçmiş vaxtı tamam olmuş insanlar tam peyvəndi almış olanlardır. Hal-hazırda peyvənd olunmalı əhalimizin 35 faizi tam peyvəndlənib. 

-Bu hansı faiz olmalıdır ki, bizdə bir anlayış var ki. kütləvi immunitet. Biz artıq o anlayışın bütün ölçülərinə uyğun gələk?

-Pandemiya başlayanda alimlər müxtəlif  ehtimallar söyləyirdilər. Bu da ondan irəli gəlirdi ki, bu infeksiyanı o qədər də tanımırdıq, dəqiqliklə onun mutasiya sürətini anlamırdıq. Ona görə ilk öncə digər yoluxucu xəstəliklərdəki kimi düşünüldü ki, 60 faiz, sonra 65 faiz, son bəyanatlara əsasən 82-85 faiz söylənilir. Nəzərə almalıyıq ki əhalimizin müəyyən hissəsi - 350 minə yaxın insan yoluxub sağalanlardı. Digər qrupu əlavə etsək, düşünürəm ki, azından 60-70 faizə yaxınlaşsaq, yoluxmanın sürətinin qarşısını alacağıq. Digər tərəfdənsə həmin virus mutasiyaya uğrayır, zəifləyir. Ona görə də üst-üstə düşəndə əhali özünü qorumuş olur.

-Peyvəndləmə prosesi vüsət alandan sonra vəziyyət necə dəyişib?

Hal-hazırda xəstəxanalara yerləşdirilənlərin 96 faizi peyvənd almayan insanlardır. Reanimasiyada yatanların 98 faizi peyvənd olunmayanlardı. Hətta peyvənd olunub reanimasiyaya düşənləri də təhlil edirik. Bilirsiz ki, neqativ hallar da baş verir. Saxta Covid pasportudur, saxta peyvənd sertifikatı əldə edən insanlar olub. Onların arasında belələri də var. Amma tam əminliklə deyə bilərəm ki, peyvənd olunanların heç biri reanimasiyada süni tənəffüs aparatına qoşulmayıb.

-Bu çox ciddi bəyanatdır.

Bəli. Əhaliyə üz tutub yenə də peyvəndləməyə dəvət edirəm ki, o ağır məqamları yaşamasınlar.

Peyvəndlə bağlı belə bir söhbət də kifayət qədər populyardı ki, bu peyvənd pisdir, digər vaksin yaxşıdır, digər vaksin daha yaxşı və ya pisdir. Düzdü biz onların adını çəkməyəcəyik. Belə sualların və ya belə platformaların nə dərəcədə əhəmiyyəti var?

Birincisi, elmi heç bir əsası yoxdur. Xüsusilə qeyd etmək istəyirəm ki, ölkə başçımızın beynəlxalq aləmdə nüfuzu və uzaqgörən siyasəti nəticəsində ölkəmizə yetərincə peyvənd gətirilib və onun tədarükü davam edir. Digər ölkələrdə insanlar qara bazarda özlərinə peyvənd tapıb vurdurmaq niyyətində olduqları halda Azərbaycanda hər bir vətəndaş, nəinki vətəndaş, xaricdən gəlmiş daimi və ya müvəqqəti yaşayış izni alan insanlar belə peyvənd seçimini əldə ediblər. Bizim respublikamızda demək olar ki, dünyada mövcud olan müxtəlif peyvənd platformalarının istifadəsi var. Ənənəvi platformada hazırlanan yəni inaktivləşdirilmiş platformada hazırlanan Çin vaksinləri – SİNOVAC şirkətinin Coronavac vaksini, vektor platformasında hazırlanmış Rusiyanın Sputnik V və ya AstraZeneca-nın Vaxzevria vaksini, mRNT platformasında hazırlanmış BionTech-Pfizer vaksini. Yəni seçim var, ortalama bütün vaksinlərin effektivliyi eynidir. Hamısı çox yüksək faizlə peyvəndlənmiş insanları ölümcül ağırlaşmalardan və xəstəliyin ağır gedişatından tam qoruyur.

Vaksinasiyanın əhatə dairəsinin genişləndirilməsi üçün və bu mövzunun insanlar arasında qeyri-ciddi səviyyədə müzakirəsinin qarşısını almaq üçün daha hansı tədbirlər görülməlidir?

-Düşünürəm ki, bu mesajlarla əhalinin qarşısına ilk öncə peşəkar mütəxəssislər çıxmalıdır - yoluxucu xəstəliklər üzrə mütəxəssislər, vaksin mütəxəssisləri, mikrobioloqlar, virusoloqlar. Təbii ki müxtəlif təşviqat kampaniyaları baş tuta bilər. Eyni zamanda müəyyən məhdudiyyət texnologiyaları var.