logo

“Semaşko”nu yenidən koronavirus xəstələrinə ayırdılar

15:05 23-08-2021 | icon 3129
“Semaşko”nu yenidən koronavirus xəstələrinə ayırdılar
 

“Kliniki Tibbi Mərkəz (“Semaşko”) yenidən koronaviruslu xəstələr üçün ayrılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə kliniki mərkəzdən məlumat verilib. Bildirilib ki, hazırda klinikaya yalnız koronavirusa yoluxan xəstələri qəbul edirlər.

Xəstəxanada çalışan həkimlərdən biri deyib ki, pandemiyanın pik vaxtlarında xəstəxana koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyət göstərib.

“Yoluxma sayı azalandan sonra xəstəxanadakı koronavirus xəstələri Mərkəzi Neftçilər Xəstəxanasına köçürüldü. Bəzi şöbələrdə təmirə başlanıldı. İndi isə yenidən digər profilli xəstə qəbulu dayandırılıb. Təkcə  ginekoloji şöbədə hazırda 70-dən çox virusa yoluxmuş hamilə qadın var. Halbuki pandemiyanın pik vaxtlarında şöbədə ən çox 80 xəstə qəbul edilib. Virusa yoluxmuş onlarla hamilə qadın isə həkim nəzarətində evdə müalicə alır”,-həkim əlavə edib.

Onun sözlərinə görə, virusa yoluxaraq ginekoloji şöbəyə yerləşdirilən  hamilə qadınlar arasında ölüm qeydə alınmayıb. Bununla belə, xəstəliyi ağır keçirən təxminən hər 30 hamilədən birinin bətnindəki uşaq tələf olur: “Delta ştammı yoluxucu olduğu qədər ağırlaşmalar da verir. Müşahidələrə görə, hamilə qadınlar arasında vəziyyəti ağırlaşanların sayı artır. Hazırda xəstəxanadakı bütün həkimlər səfərbər olublar”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın ötən həftə keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva hazırda 18 pandemiya xəstəxanasının fəaliyyət göstərdiyini açıqlamışdı. Virusun ötən dalğası zamanı isə Azərbaycanda 40-a yaxın pandemiya xəstəxanası fəaliyyət göstərirdi.

Səhiyyə nazirinin birinci müavini Teymur Musayev isə  "Real TV"yə müsahibəsində deyib ki, ölkədə çarpayı fondunda heç bir problem yoxdur. Azərbaycanda sırf COVID-19-la bağlı 10 mindən artıq çarpayı fondu var./virtualaz.org