logo

COVİD-19-dan reanimasiyada yatanların 96 faizi peyvənd olunmayanlardır-TƏBİB

11:40 20-08-2021 | icon 5215
COVİD-19-dan reanimasiyada yatanların 96 faizi peyvənd olunmayanlardır-TƏBİB

Bu ilin mart ayından etibarən yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında reanimasiyada müalicə alanların 96 faizi peyvənd olunmayanlardır.

 YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, süni nəfəs aparatına qoşulan xəstələrin də 97 faizi vaksinasiyadan keçməyənlərdir: “COVID-19 xəstəliyindən həyatını itirənlərin də 99 faizinin peyvənd vurdurmadığı aşkarlanıb. Bu günə qədər Azərbaycanda vaksinasiyadan keçən vətəndaşlar arasında, sadəcə, 0,6 faiz yoluxma faktı aşkarlanıb. Bütün dünyada koronavirusa qarşı cəmi 788 milyon doza vaksin vurulub. ABŞ, İsrail, Almaniya, ümumiyyətlə Avropa ölkələri, Rusiya və Türkiyədə əhali daha çox vaksin olunub. Azərbaycanda 6 milyon doza vaksin vurulsa da, 2 dozanı qəbul etmiş vətəndaşların sayı əsas götürülür”.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 991 min 16, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 574 min 157, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 2 milyon 416 min 859 nəfərdir.