“Koronavirus əleyhinə vurulan peyvəndin iki dozası ömürlük immunitet yaratmır. Yəni zamanla öz effektini itirmiş olur. Ona görə də iki dozanı vurduran şəxslərə immun yaddaşını gücləndirmək üçün üçüncü dozanı vurdurmaq tövsiyə edilir”.
YeniAvropa xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, yeni ştamlardan qorunmaq üçün immunitet bir daha gücləndirilməlidir: “İlk növbədə, səhiyyə işçilərinə bu dozanı vurdurmaq tövsiyə edilir. Çünki onlar daim koronaviruslu xəstələrlə təmasda olurlar. İkinci növbədə, yaşlı şəxslər, daha sonra xroniki xəstəliyi olanların bu dozanı qəbul etmələri məsləhətdir. Təbii ki, bu məcburi hal deyil. Burada heç bir iqtisadi maraq güdülməməlidir. Dünya təcrübəsi əsas götürülərək vətəndaşlara üçüncü dozanın vurulması məqsəduyğun hesab edilib”.
O bildirib ki, istənilən vaksin növündən üçüncü dozanın vurulmasında istifadə oluna bilər.
Eyvazovun sözlərinə görə, vaksinasiya prosesinin kütləvi xarakter alması mütləqdir. Vaksin vurdurulması üçün əks göstərişlər çox az faiz təşkil edir:“Gələcəkdə ola bilər ki, əks göstərişə aid olan şəxslərə vaksin vurulsun. Lakin bu gün həmin şəxslərə peyvənd vurulması məsləhət deyil. Onkoloji, xroniki xəstəliyi olan, hamilələr və digər kateqoriyaya aid olan şəxslər bu siyahıya aiddir. Komissiya işinə yeni başladığından əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil. Xəstənin vəziyyəti yaxşılaşdıqca peyvənd vurdurulması üçün dəvət edilə bilər. Odur ki, sertifikatların qısa müddətli verilməsi nəzərdə tutulur”.