logo

Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

18:20 22-12-2017 | icon 2233
Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Tezliklə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvrapa-ya bildirilib ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşündə deyilib.

Azərbaycan-İran iqtisadi əlaqələrinə, əməkdaşlıq perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə, eləcə də iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, son 4 ildə yüksək səviyyəli 10 görüş keçirilib, müxtəlif tərkibli nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfəri həyata keçirilib, 40-dan çox sənəd imzalanıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 3 iclası keçirilib. Yaxın zamanlarda Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır.

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev qeyd edib ki, ticarət dövriyyəsi 2016-cı ildə 70 faiz, 2017-ci ilin yanvar-sentyabr aylarında isə 33 faiz artıb. Azərbaycan və İran investisiya qoyuluşu sahəsində də əməkdaşlıq edir, Azərbaycanda İran şirkətləri uğurla fəaliyyət göstərir. Ölkələrimizin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodu, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu, energetika sahəsində “Xudafərin/Qız qalası” hidroqovşaqları kimi layihələr çərçivəsində əməkdaşlıq etdiyini bildirən nazir Şahin Mustafayev bu layihələrin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, avtomobil istehsalı və əczaçılıq zavodlarının tikintisi sahəsində işlər davam etdirilir. Azərbaycanın Ələt limanı ilə İranın Ənzəli və Əmirabad limanları arasında əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında nəqliyyat və tranzit sahələrində əlaqələrin inkişafı baxımından önəmlidir. Sabirabad Sənaye Məhəlləsində avtobus, Hacıqabul Sənaye Məhəlləsində isə birgə kənd təsərrüfatı texnikasının istehsalı üçün imkanlar genişdir.

İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İran nümayəndə heyətini qəbul etməsindən məmnunluğunu bildirib, son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb. Kənd təsərrüfatı, sənaye, bankçılıq, neft-qaz sahələrində əməkdaşlıq imkanlarını qeyd edən Mahmud Vaezi bildirib ki, ölkələrimiz arasında birgə layihələr olan avtomobil istehsalı və əczaçılıq zavodlarının tikintisi sahəsində görülən işlər sürətləndirilməlidir.

Görüşdə, həmçinin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti iclasına, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə, Astara (İran) terminalına dair müzakirələr aparılıb.