SOCAR Rumıniyada yeni yanacaqdolduldurma məntəqəsini (YDM) açıb.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi Macarıstanla Rumıniya sərhədindəki Bihor regionunda yerləşir. Bu, regionda müştərilərin ixtiyarına verilən sayca 4-cü, ümumilikdə isə cari ildə Rumıniya ərazisində açılan 16-cı “SOCAR” brendli YDM-dir. Bu məntəqədə də müştərilərə benzin və dizel və “Adblue” (dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması məqsədilə istifadə olunur) yanacaqları, həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilir.
SOCAR-ın Rumıniya üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində videoçarxlar da nümayiş olunur. Şirkət tərəfindən qəbul edilən strateji plana uyğun olaraq, qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirməkdə davam edəcək.
Qeyd edək ki, hazırda SOCAR Rumıniyanın 24 regionunda 60 yanacaqdoldurma məntəqəsinə malikdir.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir.