logo

Gəncə məktəblisi informatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

18:08 01-12-2020 | icon 4375
Gəncə məktəblisi informatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci beynəlxalq payız turniri baş tutub.

 YeniAvropa xəbər verir ki, onlayn formatda keçirilən yarışmada 17 ölkədən 403 iştirakçı öz biliyini sınayıb. Fəxrlə qeyd edək ki, artıq ikinci dəfədir ki, sözügedən yarışmada iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə edirlər. Belə ki, “Azercell”in dəstəyi ilə turnirə hazırlaşan Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb. 

Xatırladaq ki, Ə.Hüseynov iki ay öncə Sinqapurda keçirilən 32-ci Beynəlxalq İnformatika Olimpiadasında, həm də İndoneziyada təşkil olunan Asiya-Sakit Okean İnformatika Olimpiadasında da bürünc medal əldə edib.

“Azercell Telekom” 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin fəaliyyətinə dəstək verir. İndiyədək mərkəzdə keçirilən məşğələlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib. Məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin artırılmasıdır. Burada yerli və xarici ali məktəblərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alimləri və qabaqcıl müəllimləri 5 fənn üzrə hazırlıq keçirlər. Mərkəzdə məşğələ keçən Azərbaycan məktəbliləri hər il 15-ə yaxın müxtəlif beynəlxalq olimpiada və müsabiqədə iştirak edirlər.

“Azercell” şirkəti daima ölkəmizdə informasiya-texnologiyaları sahəsində təhsil, yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə təşkil edilən layihələrə dəstək olur. Şirkət ötən il Bakı şəhərində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında istedadların rəqəmsal sponsoru qismində çıxış edib. Ölkənin lider mobil operatoru “Azercell” informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar olunması, onların öz elmi potensiallarını inkişaf etdirməsi üçün dəstəklənməsi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək.