2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 şagirdin təhsil alacağı gözlənilir.
YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, şagirdlərin ümumi sayından 733 min 279 nəfəri qız, 840 min 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 min 511, IX sinfində 132 min 734, X-XI siniflərində isə 85 min 44 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 min 440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir.
Yeni tədris ilində 121 min 696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır.