logo

TANAP-ın ölçmə stansiyaları dekabrın sonunda təbii qazı almağa hazır olacaq

17:29 20-12-2017 | icon 2415
TANAP-ın ölçmə stansiyaları dekabrın sonunda təbii qazı almağa hazır olacaq

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) ölçmə stansiyaları bu ayın sonunda təbii qazı qəbul etməyə hazır olacaq.Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol  məlumat verib.

S.Düzyol bildirib ki, TANAP-la Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün 56 düymlük 1350 kilometr uzunluğundakı boru kəmərinin inşası mexaniki olaraq tamamlanıb. Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün boru kəməri marşrutu üzrə xəndəyin qazılması, boruların düzülməsi və qaynaq işləri artıq yekunlaşıb. Faza-0 üzrə blok klapan və pig stansiyaları, eləcə də “Telecom-SCADA” binalarının inşası tamamlanıb.

“Faza-0 çərçivəsində inşa edilən 2 ədəd ölçmə stansiyası (MS1 və MS2) bu ayın sonunda təbii qazı qəbul etməyə hazır olacaq”, - deyə TANAP-ın baş direktoru əlavə edib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və oradan da Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Layihə iki fazada həyata keçirilir - Faza-0, o cümlədən Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün görülən işlər. Bu vaxtadək layihənin ümumilikdə 88 faizədək hissəsi icra edilib.

TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.