Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə "otk.az" portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını bu ilin iyul ayınadək ödənişsiz edib.
Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan çox ödənişsiz imtahan növü üzrə 28 min 883 istifadəçi tərəfindən 74 min 334 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).
Bu gün portala 11-ci sinif şagirdləri üçün buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanı modelinə uyğun yeni ödənişsiz sınaq imtahanı, həmçinin 4-cü sinif şagirdləri üçün “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinin bütün bölmələri əsasında qiymətləndirmə tapşırıqları yerləşdirilib. Burada “Azərbaycan dili” dərsliyinin 8, “Riyaziyyat” dərsliyinin 6 bölməsinin hər biri üzrə 10 tapşırıq olan test blokları təqdim edilir. Şagirdlər mövzuları necə mənimsədiklərini bu materiallarla yoxlaya bilərlər.
Qeyd edək ki, portalda artıq şagirdlər 4-cü sinifdən başlayaraq 11-ci sinfədək fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək imkanına malikdirlər.
Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”ın “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.