logo

Dəniz nəqliyyatında yükdaşımaların həcmi 2,8 dəfə artıb

10:52 04-03-2018 | icon 2499
Dəniz nəqliyyatında yükdaşımaların həcmi 2,8 dəfə artıb

Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazası üzrə işlərin sürətlə görülməsi və Ro-Ro terminalının istifadəyə verilməsi, dəniz nəqliyyatında daşımalara müsbət təsirini göstərir.

YeniAvropa xəbər verir  ki,  Dövlət Gömrük Komitəsinin açıqladığı statistik rəqəmlərə əsasən 2018-ci ilin yanvar ayında dəniz nəqliyyatı ilə 124 min 717 ton yük daşınıb. Bu rəqəm ötən ilin yanvar ayına nisbətən 2,8 dəfə çoxdur. Dəniz nəqliyyatı ilə 2016-cı ilin yanvar ayında 94 min 653 ton, 2015-ci ilin yanvar ayında isə 60 min 57 ton yük daşındığını nəzərə alsaq, 2015-ci ildən bu yana ən çox yükdaşımaların məhz 2018-ci ildə həyata keçirildiyini görərik. Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcminin artmasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti böyükdür. Daim donanmasındakı gəmiləri əsaslı təmir edən və yeni gəmilərin alınması istiqamətində işlər görən QSC Xəzər dənizində yeganə bərə operatoru olaraq fəaliyyət göstərir. Gəmiçiliyin donanması nəqliyyat və ixtisaslaşdırılmış donanma olmaqla iki hissəyə ayrılır: 51 gəmidən ibarət nəqliyyat donanması və 204 gəmidən ibarət ixtisaslaşdırılmış donanma. QSC-nin 13 gəmi-bərəsi “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” üzrə yüklərin daşınmasına xidmət edir ki, bu da daha çox yüklərin daşınmasına imkan verir.