logo

Azərbaycanda ali məktəblərdə tədris ili 15 gün uzadıldı

12:59 12-03-2020 | icon 4032
Azərbaycanda ali məktəblərdə tədris ili 15 gün uzadıldı

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Firudin Qurbanovun imzası ilə ali məktəb rəhbərlərinə məktub göndərilib.

Məktubda bildirilir ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə iyunun 15-də başlayacaq və iyulun 13-də başa çatacaq.

Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün - 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib.

Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin (“Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişdirilmir. Yəni, dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılacaq.

“Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə tələbələrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyunun 14-nə qədər davam etdiyinə görə) iyun ayının 15-nə qədər davam etdiriləcək və bu zaman dövlət attestasiyası iyunun 15-dən iyulun 13-nə qədər aparılacaq.