Martın 11-dən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, ibtidai siniflərin daha çox müəllim dəstəyinə ehtiyacını nəzərə alaraq, 1-4-cü sinif şagirdlərini “Mədəniyyət” kanalının ekranı qarşısında gözləyəcəklər. Artıq müstəqil öyrənmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri ilə isə bu dərslər həftədə 2 dəfə təşkil olunacaq.
İbtidai siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək.
Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Unutmayın ki, öyrənmə yalnız sinif otağında deyil, ekran qarşısında da mümkündür.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.