logo

Bu gün IX sinif şagirdləri buraxılış imtahanı verirlər

11:27 01-03-2020 | icon 3682
Bu gün IX sinif şagirdləri buraxılış imtahanı verirlər

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

DİM-dən YeniAvropa-ya bildirilib ki, ümumilikdə 39 min 966 şagirdin imtahan verəcək.

İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edəcək. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanıb. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatıb. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayıblar.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 87 imtahan binası ayrılıb.

Bəzi imtahan binalarına giriş zamanı “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 39 min 966 (Bak şəhəri Yasamal rayonunda 2980, Binəqədi rayonunda 4508, Səbail rayonunda 1658, Xətai rayonunda 3929, Xəzər rayonunda 3275, Nərimanov rayonunda 2907, Suraxanı rayonunda 3181, Sabunçu rayonunda 5165, Nəsimi rayonunda 2571, Qaradağ rayonunda 2307, Nizami rayonunda 2492, Pirallahı rayonunda 420, Naxçıvan Muxtar Respublikasında 3536, Şirvan şəhərində 1037 nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulub.

İmtahanların idarə olunmasına 87 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 3145 nəzarətçi müəllim, 268 buraxılışı təşkil edən əməkdaş, 87 bina nümayəndəsi ayrılıb.