Avstriya Azərbaycanda infrastruktur layihələrinin icrasında iştirak etməyə maraqlıdır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, bu barədə Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardt “Azərbaycan Dəmir Yolları”nda keçirilən görüşdə deyib.
QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizi, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və xüsusilə də keçən ilin oktyabr ayında açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə ətraflı məlumat verib.
Bu il fevralın 20-22-də Vyanada keçirilən “Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumu haqqında danışan C.Qurbanov forum çərçivəsində avstriyalı həmkarlarla, Avstriya Parlamentinin üzvü, Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri ilə bir sıra səmərəli görüşlərin keçirildiyini bildirib.
Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi A.Rayxhardt bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir: “Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində, infrastruktur layihələrinin icrasında iştirak etməyə maraqlıyıq”.
Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
Görüşdə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov iştirak ediblər.
İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.