logo

Heydər Əliyev adına yarımdalma qazma qurğusu dənizə yola salınıb

13:11 23-02-2018 | icon 2821
Heydər Əliyev adına yarımdalma qazma qurğusu dənizə yola salınıb

Fevralın 23-də Heydər Əliyev adına yarımdalma qazma qurğusu  “Caspian Drilling Company” şirkətinin Dəniz Təchizatı və Logistika Bazasından Xəzərin Azərbaycan sektorundakı “Abşeron” yatağında qazma işləri aparmaq üçün dənizə yola salınıb.

“Caspian Drilling Company”dən YeniAvropa-ya  verilən məlumatda qeyd olunub ki, dünyada ilk və yeganə 1400 atmosfer təzyiqinə davamlı, altıncı nəsil Heydər Əliyev adına yarımdalma qazma qurğusunun inşası 2017-ci ilin may ayında başa çatıb. Azərbaycan dövlətinə məxsus Heydər Əliyev adına yarımdalma qazma qurğusunun tikintisi “Caspian Drilling Company” şirkəti tərəfindən həyata keçirilib və bundan sonra onun menecmenti altında fəaliyyət göstərəcək.

Heydər Əliyev adına yarımdalma qazma qurğusu SOCAR və “Total” şirkətlərinin pay sahibi olduğu “Abşeron” qaz yatağında “ABX-2” quyusunda tamamlama işlərini yekunlaşdırdıqdan sonra “ABD001” quyusunu qazacaq. Bu da “Abşeron” yatağından ilk qazın hasil edilməsinə gətirib çıxaracaq.

Yola salınma münasibətilə Heydər Əliyev adına yarımdalma qazma qurğusunun inşasını həyata keçirən və tikintini idarə edən “Caspian Drilling Company” şirkətinin heyəti, baş direktoru Fərid Axundov, “Total” şirkətinin Azərbaycan üzrə direktoru Denis Lemarşal və şirkətin əməkdaşlarının iştirakı ilə yolasalma mərasimi keçirilib və Heydər Əliyev adına yarımdalma qazma qurğusu dənizə yola düşüb.