logo

Azərbaycan və Özbəkistan iş adamlarının əlaqələri genişlənir

19:26 21-02-2018 | icon 2807
Azərbaycan və Özbəkistan iş adamlarının əlaqələri genişlənir

Özbəkistanın İnvestisiyalar üzrə Dövlət Komitəsi sədrinin müavini Laziz Kudratov Daşkənddə keçirilən birinci Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin başçılığı ilə iş adamlarının bir qrupunu qəbul edib.

YeniAvropa xəbər verir  ki, görüşdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Tərəflər biznes dairələrimizin Özbəkistanda fəaliyyəti, Azərbaycanda istehsal edilən məhsulların bu ölkəyə ixracı, Özbəkistan mallarının isə Azərbaycana göndərilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

M.Musayev Azərbaycanın iqtisadi inkişafı haqqında məlumat verib, SOCAR-ın beynəlxalq əməkdaşlığından danışıb, Ukrayna, Gürcüstan və digər ölkələrdə SOCAR-ın yanacaqdoldurma məntəqələrinin açıldığını diqqətə çatdırıb və Özbəkistanda da bu istiqamətdə fəaliyyət göstərmək istədiklərini vurğulayıb.

Bakıdakı “Alians” tikinti şirkətinin baş direktoru Namiq Babayev və müxtəlif sahələr üzrə fəaliyyət göstərən “Bestcomp group” şirkətinin Mərkəzi Asiya üzrə direktoru Xəlil Ələkbərov Daşkənddə ofis açmaq niyyətində olduqlarını bildiriblər. Söhbət zamanı bununla əlaqədar müzakirələr aparılıb.