logo

Azərbaycan ilə Avstriya arasında dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib

10:28 21-02-2018 | icon 2569
Azərbaycan ilə Avstriya arasında dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib

Avstriyanın paytaxtı Vyana şəhərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla "Avstriya Dəmir Yolları" Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Andreas Mathe arasında görüş olub.

YeniAvropa xəbər verir  ki, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə yüklərin Cindən Avropaya və əks istiqamətə daşınma imkanları müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və xüsusilə də ötən ilin oktyabr ayında açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirilib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəmir yolunun açılış mərasimində deyib ki, bu, üç ölkəni və qitələri birləşdirir. Bu layihəyə qoşulmaq marağı, ilk növbədə, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, Pakistan, Çin və Hindistandan gəlib. Orta Asiya ölkələri bu layihəyə böyük maraq göstərir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının artmasına xidmət edir.

“Avstriya Dəmir Yolları” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Andreas Mathe Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsini, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini və digər beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib.

Tərəflər ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da genişləndirilməsi barədə razılığa gəliblər.