logo

Heydər Əliyev adına NEZ-də Bitum qurğusunun “Bituroks” reaktoru quraşdırılıb

16:54 19-12-2017 | icon 2618
Heydər Əliyev adına NEZ-də Bitum qurğusunun “Bituroks” reaktoru quraşdırılıb

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) Bitum qurğusunun “Bituroks” reaktoru quraşdırılıb.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, 2021-ci ilədək həyata keçirilməsi planlaşdırılan NEZ-in yenidən qurulması və modernləşdirilməsi layihəsinin əsas hədəfi daha keyfiyyətli “Avro-5” standartlarına cavab verən yanacağın istehsal olunmasıdır. Layihənin birinci fazası çərçivəsində 2018-ci ildə yeni Bitum qurğusunun inşası nəzərdə tutulub. Bu günlərdə isə qurğunun əsas avadanlıqlarından olan “Bituroks” reaktoru quraşdırılıb.

Qeyd edək ki, NEZ-də yenidənqurma və modernləşdirmə layihəsinin əsas məqsədləri ölkəmizdə nəqliyyat vasitələri parkının genişlənməsi nəticəsində yüksək keyfiyyətli yanacağa artan tələbatı təmin etmək, emal və kimya sahəsindəki layihələrlə sinerji yaradaraq, ölkənin ixrac potensialını gücləndirmək, ölkədə ekoloji durumu yaxşılaşdırmaqdır. Bu məqsədlə NEZ-da yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub: birinci mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi; ikinci mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası; son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması.

Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 milyon tondan 7,5 milyon tona qədər çatdırılacaq istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcək. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.