logo

Yeni hərraca 191 dövlət əmlakı çıxarılıb

19:21 19-02-2018 | icon 2674
Yeni hərraca 191 dövlət əmlakı çıxarılıb

Martın 27-də keçiriləcək yeni hərraca 191 dövlət əmlakı çıxarılıb.YeniAvropa xəbər verir  ki, bu haqda Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib. Məlumatda qeyd edilib ki, investorların özəlləşdirilmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi daha da artırılıb. Belə ki, növbəti hərraca 191 dövlət əmlakı çıxarılıb ki, onlardan 24-ü səhmdar cəmiyyət, 91-i kiçik dövlət müəssisəsi, 76-sı qeyri-yaşayış sahəsidir.

Yeni hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinə paytaxtda və regionlarda yerləşən ərzaq mağazalarını, emalatxanaları, restoranları, ictimai iaşə obyektlərini, aqrar sahəsi üçün yararlı olan yardımçı təsərrüfatları nümunə kimi göstərmək olar. Bu əmlaklar Bakı ilə yanaşı, Gəncə, Yevlax, İmişli, Mingəçevir, Quba, Şəmkir və digər bölgələrdə yerləşir. Paytaxt üzrə 13 mağaza, 7 emalatxana, 1 yeməkxana və digər sahələrə aid obyektlər özəlləşdirilməyə çıxarılıb. Regionlar üzrə isə 9 emalatxana, 18 mağaza, 3 ictimai iaşə obyekti, 14 mədəniyyət evi və klublar, 5 restoran, 3 yardımçı təsərrüfat və digər əlverişli əmlaklar sahibini axtarır. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi isə 20 kvadratmetr ilə 3 min kvadratmetr arasında dəyişir.

Hərracda ticarət obyekti kimi investorlar üçün əlverişli olan əmlaklar sırasında Sumqayıtda yerləşən "Bolluq" bazası xüsusi göstəricilərə malikdir. Həmin əmlakın torpaq sahəsi 13 min kvadratmetrdən çox, ümumi faydalı sahəsi isə 1445 kvadratmetrə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 28 min kvadratmetrdən çoxdur.

Yüngül sənaye üçün əlverişli əmlaklardan olan Qovlar tikiş fabrikinin Goranboy sahəsi də investora yaxşı qazanc gətirə bilər. Bu əmlakın ümumi faydalı sahəsi 660 kvadratmetr, torpaq sahəsi isə 3 min kvadratmetrdir. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə müəssisələr sırasında “Qax Taxıl”, “Saatlı Broyler”, “Ağdaş Quşçuluq”, ”Yevlax Kəndnəqliyyat”, “İmişli Yağ Pendir” kimi səhmdar cəmiyyətlər var. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində də yerləşir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 53-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərindədir. Regionlar üzrə qeyri-yaşayış sahəsi Daşkəsəndə, Mingəçevirdə, Göyçayda və başqa bölgələrdə yerləşir. Belə əmlakların sahəsi 10 kvadratmetr ilə 400 kvadratmetr arasında dəyişir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” saytının müvafiq bölməsindən əldə etmək olar.

Qeyd edək ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda, proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşdirmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.