logo

Bakıda əmək miqrasiyasının idarə olunmasına dair seminar keçirilir

11:55 19-12-2017 | icon 2030
Bakıda əmək miqrasiyasının idarə olunmasına dair seminar keçirilir

Dekabrın 19-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi əmək miqrasiyasının idarə olunmasına dair seminar keçirib.Tədbirdə yaxşı idarə olunan əmək yerdəyişməsinin dəyəri və onun təsirlərini anlamaq, miqrasiya və inkişaf arasında qarşılıqlı əlaqələr, iqtisadi inkişaf məqsədləri və əmək miqrasiyası siyasəti, əmək yerdəyişməsini tənzimləyən sistemlər, bu sahədə Azərbaycan nümunəsi, beynəlxalq təcrübə mövzularında təqdimatlar edilib və bu məsələlər ətrafında müzakirələr aparılır.

Seminarda Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Avropa İttifaqının (Aİ) nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, BMqT-nin əmək yerdəyişməsi və insan inkişafı üzrə baş mütəxəssisi Maykl Nyuson çıxış edərək bildiriliblər ki, belə tədbirlər Azərbaycanda və digər ölkələrdə miqrasiya ilə bağlı problemlərin həllində mühüm rola malikdir. Dünyada miqrasiya prosesləri, miqrantların, xüsusilə əməkçi miqrantların hüquq və azadlıqlarının qorunması, bu sahədə ictimai məlumatlandırma ən aktual məsələlərdən biridir.

Azərbaycanda miqrantların hüquqlarının müdafiəsi prioritet məsələdir. Miqrantlara və qaçqınlara yaxşı münasibətdə Azərbaycan dünyada nümunə olacaq miqrasiya idarəçiliyi modeli mövcuddur.

Diqqətə çatdırılıb ki, 1990-cı il dekabrın 18-də BMT Baş Məclisinin qərarı ilə “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiya qəbul edilib. Azərbaycan bu Konvesiyaya qoşulan ölkələrdən biridir. Azərbaycanda miqrasiya ilə bağlı proseslərin idarə edilməsi dövlət nəzarətindədir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi miqrasiya proseslərinin tənzimlənməsində əhəmiyyətlidir. Azərbaycanda əmək miqrasiyasının idarə olunmasında aparılan işlər beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir.