logo

Gəmiçilik Xəzərdən kənarda üzən gəmilərinin sayını 13-ə çatdırıb

11:45 19-12-2017 | icon 2394
Gəmiçilik Xəzərdən kənarda üzən gəmilərinin sayını 13-ə çatdırıb

Dekabrın 19-dan “Gəncə” tankeri xarici sularda maye yükdaşımalarına cəlb olunub.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib ki, bununla da gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 13-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, ikisi isə tankerdir.“Gəncə” tankeri ilk yükləmə əməliyyatını Rusiya Federasiyasının Tuapse limanında həyata keçirəcək.Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək tankerin istismarına nəzarəti və texniki xidməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədəki “Casptankers” şirkəti yerinə yetirəcək.

Dedveyti 7,017 ton, uzunluğu 140,85 metr, eni 16,86 metr olan bu tanker “Volqa-Don maks” tiplidir - yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. “Gəncə” gəmisi gəmiçiliyin xaricdə maye yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Həmçinin artması proqnozlaşdırılan maye yüklərin daşınmasını təmin etmək üçün “Gəncə” tipli tankerlərin böyük iqtisadi əhəmiyyəti var.

Xatırladaq ki, gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib.