logo

AİB TAP layihəsinə 1,5 milyard avro kredit ayrılıb

13:21 07-02-2018 | icon 2387
AİB TAP layihəsinə 1,5 milyard avro kredit ayrılıb

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinə 1,5 milyard avro kredit ayrılmasını təsdiqləyib.

YeniAvropa xəbər verir  ki, bu barədə EIB məlumat yayıb. Bildirilir ki, ətraflı müzakirələr aparıldıqdan sonra bankın İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.

Qeyd edək ki, TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 65 faizi yekunlaşıb. Yanvarın ortasına boru kəməri marşrutu üzrə Yunanıstanda 518 kilometr ərazi təmizlənib, 473 kilometr boru xətt boyunca düzülüb, 457 kilometr boru qaynaqlanıb və 265 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib.

Albaniyada isə boru kəməri marşrutu boyunca 168 kilometr ərazi təmizlənib, 163 kilometr boru xətt boyunca düzülüb, 157 kilometr borunun qaynağı tamamlanıb, həmçinin 116 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 687 kilometrlik ərazi, yəni 90 faizi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan əlavə, marşrut üzrə boruların 80 faizi qaynaq edilib, Yunanıstan və Albaniyada 500 kilometr boru torpağa basdırılıb.

Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. TAP-ın keçdiyi 3 ölkədə işçilər 61,5 milyon kilometr yol qət edib və 22,5 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq.

TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilib. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).