Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası daha dörd ölkənin banka üzvlük müraciətinə müsbət cavab verib.
Bankın Pekindəki mənzil-qərargahından bildiriblər ki, Kuk Adaları, Vanuatu, Belarus və Ekvadorun AİİB-ə qoşulması ilə üzvlərin sayı 84-ə çatacaq. Bu dörd dövlət müvafiq ölkədaxili proseduru keçdikdən və müəyyən olunan ilkin depoziti ödəyəndən sonra AİİB-in rəsmən üzvü olacaqlar.
AİİB-in vitse-prezidenti Dəni Aleksandr deyib ki, bank tərkibini daha da genişləndirməyə və beynəlxalq maliyyə aləmində fəaliyyətini gücləndirməyə davam edəcək.
Bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. AİİB ötən il fəaliyyətə başlayandan bəri 12 ölkədə 24 layihəyə 4,5 milyard ABŞ dollarından çox vəsait ayırıb. Bunların arasında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə ayrılan 600 milyon dollar məbləğində kredit də var.AZƏRTAC