Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə paytaxtın Xətai rayonundakı R.Bağırov küçəsi, 24 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rövşən Mikayılov Əvsəl oğluna məxsus “Əvsəloğlu” şirniyyat sexinin antisanitar şəraitdə fəaliyyət göstərməsi barədə şikayət daxil olub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, daxil olan şikayət əsasında aparılan monitorinq zamanı qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərən şirniyyat sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Baxış zamanı sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, sexdə istifadə olunan qab, ləvazimat və xammalın açıq şəkildə birbaşa döşəmənin və işçi masaların üzərində saxlanıldığı məlum olub. Müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, istehsal və satış yerlərində mal qonşuluğu prinsipinə əməl edilmədiyi aşkar edilib.
Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.