Yanvar ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,123 milyard kilovat-saat olub. 2017-ci ilin yanvar ayında isə bu rəqəm 2,164 milyard kilovat-saat təşkil edib.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ASC-nin son dövrlərdə yeni generasiya güclərinin yaradılması istiqamətində əldə etdiyi nailiyyətlər, bu istiqamətdə gerçəkləşdirilən irimiqyaslı layihələr və ölkənin elektrik enerjisi sektorunun müxtəlif seqmentlərində görülən genişmiqyaslı işlərin nəticəsidir ki, 2018-ci ilin yanvar ayında enerji təhlükəsizliyi, elektrik enerjisi ilə bağlı heç bir problemin olmaması prinsipi qorunub-saxlanılıb. Eyni zamanda, istehlakçılar tələbatlarına uyğun olaraq, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.
Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.
“Azərenerji” ASC Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirib. Həmçinin tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernləşdirilməsini diqqətdə saxlayıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görüb.