logo

Azərbaycanda Körfəz ölkələri məhsullarının sərgisinin təşkili planlaşdırılır

22:05 30-01-2018 | icon 2618
Azərbaycanda Körfəz ölkələri məhsullarının sərgisinin təşkili planlaşdırılır

Bu ilin oktyabr ayında Azərbaycanda Körfəz ölkələri məhsullarının sərgisinin təşkili planlaşdırılır. YeniAvropa-ya bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər. Məlumatda qeyd olunub ki,  Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının baş katibi Abdülrahim Hasan Naqinin rəhbərlik etdiyi nümayəndə heyəti AZPROMO-da olub. AZPROMO rəhbərliyi ilə keçirilən görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, bu ilin oktyabr ayında Azərbaycanda Körfəz ölkələrinin iş adamlarının iştirakı ilə sərginin təşkil olunması, sərgi çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi, ərəb sahibkarlarla biznesin müxtəlif sahələrinə aid müzakirələrin aparılması nəzərdə tutulub.

Bundan başqa, birgə investisiya layihələrinin əks olunduğu təşviqat materiallarının çap olunması və ölkələrin müvafiq biznes icmaları arasında paylanılması barədə danışıqlar aparılıb. Görüşdə Bakının "Ekspo 2025" sərgisinə namizədliyi barədə qonaqlara məlumat verilib.

Abdülrahim Hasan Naqi sərginin paytaxtımızda təşkil edilməsini dəstəkləyəcək təbdirlərin həyata keçiriləcəyini bildirib.

Bununla yanaşı, "Halal Qida" sərgilərinin təşkili, habelə halal qida standartları ilə fəaliyyət göstərən sahibkarların əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.