Yanvarın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib. YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Məlumatda qeyd edilib ki, sözügedən saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən Neft Fonduna ümumilikdə 3,6 milyard ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Statoil” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.