Son iki ildə 300 hektarda yeni zeytun bağları salınıb. Bu il və gələn il Bakıətrafı bölgələrdə, qəsəbələrdə minimum 3 min hektarda yeni zeytun bağları salınacaq. YeniAvropa xəbər verir ki, bu sözləri prezident İlham Əliyev yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirib.
İstehsal gücü ildə 3000–4000 ton olacaq yeni zeytun yağı fabriklərinin yaradılacağını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycandan böyük zeytun yağı ixracı gözlənilir. “Bizim zeytunumuz çox keyfiyyətlidir, sadəcə olaraq, əvvəlki illərdə səmərəsiz istifadə olunurdu. Düzdür, bizdə zeytun yağı istehsalı var idi, ancaq biz özümüzü hələ də təmin edə bilmirik. Amma belə təbii imkanı olan bir ölkədə mütləq biz böyük ixracatçıya çevrilməliyik və çevriləcəyik”, - deyə prezident İlham Əliyev vurğulayıb.