logo

“Star” neft emalı zavodundakı 76 çənin montajı və test işləri tamamlanıb

15:21 30-01-2018 | icon 2653
“Star” neft emalı zavodundakı 76 çənin montajı və test işləri tamamlanıb

SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodundakı 76 çənin montajı və test işləri tamamlanıb. YeniAvropa xəbər verir  ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumat yayıb.

“İllik 10 milyon ton xam neft emal gücü olacaq “Star” neft emalı zavodunda xam neft ilə əsas və ya digər məhsulların saxlanması məqsədilə tikilən ümumilikdə 76 ədəd çənin montajı və test işləri tamamlanıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, gündəlik 34 min kubmetr xam neft emal edəcək “Star” zavodu Türkiyənin illik kəsirini təxminən 1,5 milyard dollar azaldacaq. Zavod bu il test rejimində işləməyə başlayacaq. 2018-ci ilin üçüncü rübündə zavodda istehsal ediləcək məhsulların satışının həyata keçirilməsi planlaşdırılır. Zavodun tikinti işlərinin 96 faizi bitib. “Star” neft emalı zavodu bu ilin dekabr ayından etibarən tam gücü ilə çalışmağa başlayacaq.

Zavodda yerüstü boruların 98 faizinin montajı yekunlaşıb. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.