logo

BVF: Azərbaycanda gələn il üzrə iqtisadi artım 2 faiz səviyyəsində proqnozlaşdırılır

17:30 18-12-2017 | icon 2422
BVF: Azərbaycanda gələn il üzrə iqtisadi artım 2 faiz səviyyəsində proqnozlaşdırılır

 

Azərbaycanda 2018-ci il üzrə iqtisadi artım 2 faiz səviyyəsində proqnozlaşdırılır, ortamüddətli dövr ərzində isə qaz yataqlarının işlənməsinə başlandıqdan sonra  bu rəqəmin 3.5-4 faiz arasında olması planlaşdırılır.

Bu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycana səfərinin yekunlarına dair açıqlamasında öz əksini tapıb. Açıqlamada daha sonra qeyd edilir ki, fəal makroiqtisadi siyasət və daha üstün neft qiymətləri sayəsində iqtisadiyyat 2017-ci ildə stabilləşib. Qeyri-neft iqtisadiyyatı əsasən xidmət və kənd təsərrüfatı sektorlarının canlanması nəticəsində artmağa başlayıb. Daha yüksək neft qiymətləri, qeyri-neft ixracının yaxşılaşması və idxalın daralması, həmçinin cari hesabın profisitini bərpa edib. Lakin əsasən valyuta məzənnəsinin daxili qiymətlərə ötürücülüyü və tənzimlənən qiymətlərdə birdəfəlik artımlar nəticəsində illik istehlak inflyasiyası yüksək səviyyədə qərarlaşıb. Hazırda missiya 2017-ci il üzrə real ÜDM-nin 0.3 faiz azalmasını və orta illik inflyasiyanın 13 faiz təşkil edəcəyini planlaşdırır.

"Yaxın gələcək üzrə iqtisadi artım perspektivi müsbətdir. 2018-ci ildə dövlət investisiya xərclərinin və sosial xərclərin artdığı şəraitdə qeyri-neft sektorunun 4 faiz yüksəlməsi gözlənilir. Digər tərəfdən, neft sektorunda azalma davam edəcək. Ümumiyyətlə, 2018-ci il üzrə iqtisadi artım 2 faiz səviyyəsində proqnozlaşdırılır, ortamüddətli dövr ərzində isə, qaz yataqlarının işlənməsinə başlandıqdan sonra 3.5-4 faiz arasında olması planlaşdırılır. Baza ilinin təsirləri tükəndikcə inflyasiya dərəcəsi 2018-ci ildə 7 faizədək, sonra isə tədricən daha aşağı düşəcək. Bank sektorunda restrukturizasiya tədbirlərinin tamamlanmamasına baxmayaraq ümumi perspektivlə bağlı risklər əsasən neytraldır", - deyə açıqlamada bildirilir.

Neftin qiyməti ilə bağlı sarsıntılar gerçəkləşdikdən sonra hökumət makroiqtisadi siyasəti müvafiq qaydada sərtləşdirib, məzənnə çevikliyi üçün şərait yaradıb və bank sistemindəki zəif bəndlərin aradan qaldırılmasına başlanılıb. İqtisadi tənəzzülün tədricən səngidiyi və neft qiymətlərinin artdığı bir vaxtda qeyri-elastik valyuta məzənnəsinə və qeyri-dayanıqlı səviyyədə yüksək dövlət investisiyalarına qayıdışla əlaqədar təzyiqlər mövcud ola bilər. Buna müqavimət göstərmək lazımdır. Neft qiymətlərinin 2016-cı ilin əvvəlinə təsadüf edən ən aşağı səviyyədən yüksəlməsinə baxmayaraq 2011-2014-cü illərdə müşahidə edilmiş olduqca yüksək səviyyəyə yenidən çatması gözlənilmir.

Həmçinin fiskal xərcləmənin, xüsusilə əsaslı kapital xərclərinin 2018-ci ildə nəzərəçarpan dərəcədə artması nəzərdə tutulub. Lakin yüksək neft qiymətləri Azərbaycanın fiskal balansına ediləcək mənfi təsirin yayılmasının qarşısını alacaq. Bununla belə dövlət investisiyasının keyfiyyəti, həmçinin iqtisadiyyatın əsaslı kapital xərclərində ciddi artımı "həzmetmə" qabiliyyəti ilə bağlı narahatlıq mövcuddur. Hökumət orta müddət ərzində siyasətin formalaşdırılmasını istiqamətləndirmək naminə 2019-cu ildə fiskal qaydalar toplusunu tətbiq etməklə bu narahatlığı aradan qaldırmağı düşünür. Bu qaydalar irəliyə aparan düzgün addım ola bilər və yaxşı tərtib edildikdə iqtisadi siyasətin gözlənilə bilən qaydada baş tutması və etimadlılığını yaxşılaşdıra bilər.

Azərbaycanın qarşısında duran birinci dərəcəli təxirəsalınmaz məsələ bank sektorundakı zəifliklərin aradan qaldırılması və kreditlərin verilməsi üzrə vasitəçilik prosesinin yenidən başlanmasıdır. Bu məqsədlə səlahiyyətli orqanlar Azərbaycanın maliyyə sistemini yükləyən pis aktivləri tam həcmdə etiraf etməlidirlər. Bu mənada həmin aktivlərlə bağlı müvafiq həllərinin çevik həyata keçirilməsi iqtisadi artıma töhfə verəcək. Səlahiyyətli orqanlar maliyyə sabitliyinə rəvac vermək məqsədilə banklara nəzarət və onların sağlamlaşdırılması prosesini gücləndirməyə cəhd göstəriblər. Eyni zamanda, onlar bank sisteminin tənzimlənməsi sahəsindəki durğunluğun qısa müddətdə aradan qaldırılması və bankların maliyyə göstəricilərinin hesabatlarda bildirilməsi prosesinin etibarlılığının gücləndirilməsi ilə razılaşırlar.

Missiya hökumətin struktur islahatları gündəliyinin icrasında əldə etdiyi nailiyyətləri təqdir edir. Sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilib. Bunlara yeni işsizliyin sığortası fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçid daxildir. Bununla yanaşı, struktur islahatlarının davam etdirilməsi və həyata keçirilməsi çox zəruridir. Görülən tədbirlər tam və qətiyyətlə icra edilməzsə, onların təsiri də çox pərakəndə olacaq.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun heyəti 2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün noyabrın 30-dan dekabrın 14-dək Bakıda səfərdə olub.