Ölkədə qazlaşdırmanın səviyyəsinin artırılması üçün bu il SOCAR-a 100 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. YeniAvropa xəbər verir ki, bu barədə ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqi ilə çıxış edərkən deyib. Onun sözlərinə görə, bu ilin sonunadək ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılmalıdır.
"Bu, çox yüksək göstəricidir. Hesab edirəm ki, bu göstəriciyə görə də biz dünya miqyasında qabaqcıl yerlərdəyik. Relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir. Ona görə bu gün də qazlaşdırmanın səviyyəsi - 93 faiz yaxşı göstəricidir. Ancaq bilməliyik, hələ də bir çox kəndlər var ki, oraya qaz xətləri çəkilməyib. Dövlət büdcəsində bu məqsədlər üçün bu il Azərbaycan Dövlət Neft Şirkətinə 100 milyon manata yaxın vəsait nəzərdə tutulur. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri qısa müddət ərzində görməlidir və qazlaşdırma 95 faizə çatmalıdır. Ondan sonra, gələn il isə baxacağıq ki, ucqar dağ kəndlərinə qaz xətlərinin çəkilişi ilə bağlı hansı addımlar atılmalıdır”, - deyə İlham Əliyev vurğulayıb.