“Buta Airways”in təxirə salınan Bakı-Tehran-Bakı reysləri bu gün yerinə yetiriləcək
“Buta Airways”in təxirə salınan Bakı-Tehran-Bakı reysləri bu gün axşam yerinə yetiriləcək.YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, Tehran aeroportunda əlverişsiz hava şəraiti (güclü qar və zəif görüntü) ilə əlaqədar olaraq, “Buta Airways”in yanvarın 27 və 28-i uçmalı olan J29-005 Bakı-Tehran-Bakı reysləri yubanıb. Bu marşrut üzrə üç reysin bir təyyarə ilə yanvarın 29-da Bakı vaxtı ilə saat 23:30-da həyata keçirilməsi planlaşdırılır. Bu reysi daha iritutumlu təyyarə yerinə yetirəcək.
Qeyd edək ki, aviaşirkətin qaydalarına əsasən yubanan reyslərin sərnişinləri artıq oteldə yerləşdirilib və onların bütün lazımi ehtiyacları təmin olunub.
Aviaşirkət yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Qeyd edək ki, İran İslam Respublikasının “İranAir” aviaşirkətinin yanvarın 29-da həyata keçirilməli olan ilk Tehran–Bakı-Tehran reysi də əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.