logo

Turizm əhəmiyyətli Xaçmaz-Xudat avtomobil yolu yenidən qurulur

23:29 28-01-2018 | icon 2849
Turizm əhəmiyyətli Xaçmaz-Xudat avtomobil yolu yenidən qurulur

Şimal bölgədə turizm və kənd təsərrüfatının inkişafı üçün böyük əhəmiyyət daşıyan Xaçmaz-Xudat avtomobil yolunda təmir-bərpa işləri aparılır. YeniAvropa xəbər verir  ki, yenidən qurulan 24 km uzunluğundakı avtomobil yolu iki hərəkət zolaqlıdır.

İlk mərhələdə Xaçmaz-Xudat avtomobil yolunda ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qabarmış və dağılmış asfalt-beton örtüyü frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə hamarlayıcı və aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 150 min kvadratmetrdən çox ərazinin asfaltlanması nəzərdə tutulur.

Vətəndaşların rahat gediş-gəlişini təmin edəcək yeni yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Tikinti işləri çərçivəsində yol çiyinləri bərkidilir, zəruri olan yerlərdə yeni su boruları qoyulur. Eyni zamanda mövcud boruların giriş-çıxışları təmizlənir.

Qeyd edək ki, Xaçmaz-Xudat avtomobil yolu böyük turizm potensialına malik Nabran istirahət zonasına gediş-gəliş üçün istifadə olunan əsas magistraldır.