logo

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 34 671 nəfərə reabilitasiya xidmətləri göstərilib

12:47 18-12-2017 | icon 2044
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 34 671 nəfərə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində cari ilin yanvar-noyabr aylarında ümumilikdə 34 671 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, onlardan bir hissəsi stasionar, qalanları isə ambulator şəraitdə bərpa müalicəsi xidmətləri ilə təmin olunub.

Bərpa mərkəzlərində əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə müasir metodika və texnologiyalardan istifadə edilməklə kompleks tibbi və sosial, peşə reabilitasiyası tədbirləri görülüb. Həmin təbəqədən olan hər bir şəxslə əlaqədar fərdi reabilitasiya proqramı hazırlanaraq həyata keçirilib. Bərpa müalicəsi alanların yaşı və sağlamlıqları nəzərə alınmaqla onlar mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb olunub, diyetik və rasional qidalanmaları təşkil edilib.

Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya potensiallarının təyin olunması və həyata keçirilməsi üçün də məqsədyönlü işlər aparılıb. Səmərəli fizioterapevtik müalicə üsulları əsasında onların sağlamlıqlarının bərpası, həmçinin tədris-peşə reabilitasiyası üçün kompleks tədbirlərin həyata keçirilməsi təmin edilib.

Bununla yanaşı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların protez-ortopedik xidmətlərlə təminatı işləri də davam etdirilir. Yanvar-noyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən həmin təbəqələrdən olanlara dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 28 936 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 908 ədəd əlil arabası, 1 582 ədəd aşağı və yuxarı ətraf ortezi, 8270 ədəd müxtəlif reabilitasiya vasitələri, 1 188 ədəd aşağı və yuxarı ətraf protezi, 2 425 cüt protez ayaqqabı, 4 233 cüt ortopedik ayaqqabı, 573 ədəd bel və boyun nahiyəsi üçün korset və 221 ədəd ortopedik aparat və s. verilib.