logo

Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun yenidən qurulmasına başlanılıb

13:26 25-01-2018 | icon 2534
Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun yenidən qurulmasına başlanılıb

Saatlı rayonunun Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması işlərinə başlanılıb. Agentliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 5 kilometr uzunluğunda olan Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolu ümumi eni 10 metr olmaqla 4-cü texniki dərəcəyə uyğun əsaslı şəkildə yenidən inşa olunur.

Layihəyə əsasən, yol yatağı tamamilə yenidən tikilib. Tikinti norma və qaydalarına uyğun olaraq, hazırda yol əsasının tikintisi üçün hazırlıq işləri görülür. Növbəti mərhələdə isə yolun yüksəkkeyfiyyətli asfalt-betonla örtülməsi planlaşdırılır. Bu işlər isə 15 min kvadratmetr sahədə aparılacaq.

Tikinti layihəsi çərçivəsində yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədilə 3 yerdə suötürücü boruların tikintisi işləri də aparılıb.

Qeyd olunub ki, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolboyu zəruri olan bütün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılmaqla yeni və müasir yol infrastrukturu yaradılacaq.

Yenidənqurma işləri 3 yaşayış məntəqəsinin 4 mindən artıq əhalisinin uzun illərdir sözügedən torpaq və çınqıllı yolla hərəkət zamanı qarşılaşdıqları problemlərə son qoyacaq, onların istər rayon mərkəzinə, istərsə də, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın istənilən nöqtəsinə gediş-gəlişini asanlaşdıracaq.