Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtda məcburi köçkünlərin məskunlaşdıqları binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, yanğın Bakının Nizami rayonunda Səhiyyə Nazirliyinin balansındakı, hər mərtəbəsi min kvadratmetr olan üçmərtəbəli xəstəxana (hazırda fəaliyyət göstərmir) binasında (məcburi köçkünlər məskunlaşıb) qeydə alınıb. Nəticədə binanın üçüncü mərtəbəsində dəhlizə yığılmış ev əşyaları 10 kvadratmetr sahədə yanıb. Yanğın zamanı biri azyaşlı olmaqla iki nəfər xilas edilib, 10 sakin təxliyə olunub.
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğınla əlaqədar hadisə yerində olublar.