logo

Yanvarın 16-da keçiriləcək yeni hərraca 145 dövlət əmlakı çıxarılıb

12:01 18-12-2017 | icon 2583
Yanvarın 16-da keçiriləcək yeni hərraca 145 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən yanvarın 16-da keçiriləcək hərracda 145 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 68-i kiçik dövlət müəssisə və obyekti, 49-u istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyət, 3-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə tanış olmaq üçün http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3096keçidindən istifadə etmək kifayətdir.

ƏMDK-dan bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Bərdə Tikinti Quraşdırma”, “Ağdaş Quşçuluq”, “İsmayıllı Təmir-Tikinti”, “Yevlax Yük Avtonəqliyyat”, “Sabirabad Təmir-Tikinti” və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, İsmayıllı, Salyan, Neftçala, İmişli, Ağcabədi, Yevlax və digər rayonlarda yerləşir. Özəlləşdirilməyə çıxarılan əmlakların ümumi faydalı sahəsi 9 kvadratmetr ilə 4 min 386 kvadratmetr arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Balakən şəhərində yerləşən “Əmlak Kompleksi”dir. Bu obyektin torpaq sahəsi 89 min kvadratmetrdən çoxdur. Ümumi faydalı sahəsi 1350 kvadratmetr olan, paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb.

İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən bu kimi zavodlar, profil üzrə tələbatın ödənilməsində öz töhfəsini verir. Eyni zamanda, gücləndirilmiş istehsal nəticəsində müəssisələr xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 36-sı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bu kateqoriyaya aid olanların ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 547 kvadratmetr arasında dəyişir. Obyektlərin sahələrinin müxtəlif olması investorların seçim imkanını artırır. Eyni zamanda, alıcılar sərfəli qiymətə də əmlak sahibi ola bilərlər.

Yeni hərracda özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin siyahısı ilə tanış olmaq üçün http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3094keçidindən istifadə etmək olar.

Hazırda hərraclarda iştirak və sifariş vermək qaydaları elektron olaraq həyata keçirilir. İstənilən şəxs olduğu yeri tərk etmədən “e-emdk.gov.az” portalına daxil olmaqla onlayn olaraq hərraclarda iştirak edə bilər. Komitənin “emdk.gov.az” rəsmi səhifəsi ilə hərracı izləmək mümkündür. Bu məqsədlə saytda xüsusi keçid də yaradılıb.

Qeyd edək ki, komitə tərəfindən mütəmadi olaraq İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində açıq və şəffaf hərraclar keçirilir. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirilmədə fəal iştirak etməyə dəvət edir.AZƏRTAC