Ötən il Azərbaycandan Gürcüstana edilən ixracın həcmi 609 milyon 721,8 min dollar təşkil edib
Keçən il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 881,9 milyon dollar təşkil edib.YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan bu göstərici ilə Gürcüstanın ən böyük ticarət tərəfdaşları sırasında 4-cü yerdədir. Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycanın payı 8,2 faiz təşkil edib.
Bildirilir ki, ötən il Azərbaycan Gürcüstandan 272 milyon 172,5 min dollar dəyərində məhsul idxal edib. Azərbaycandan isə Gürcüstana 609 milyon 721,8 min dollar dəyərində ixrac həyata keçirilib.
Gürcüstanın ötən il ən böyük ticarət tərəfdaşları sırasında 1 milyard 589,3 milyon dollarla Türkiyə birinci, 1 milyard 183,6 milyon dollarla Rusiya ikinci, 939,5 milyon dollarla Çin üçüncü yerdədir.
Ötən 2017-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 10 milyard 707,4 milyon dollar təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 13,8 faiz çoxdur.
Gürcüstanın ən çox idxal etdiyi məhsulların ilk üçlüyündə isə neft və neft yağları (ümumi idxalın 8,7 faizi), minik avtomobilləri (5,9 faiz) və neft qazları (4,4 faiz) yer alıb.