Bakıda məşhur “Qoşa Park”da yanğın oldu, xəsarət alanlar var
14:53 25-02-2019
|
5880
Yasamal rayonunda Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlər görülür. YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən verilən məlumatda bildirilib. Qeyd edilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən, binada elektrik kabellərində baş verən qısa qapanma yanğınla nəticələnib. Bu dəqiqələrə olan məlumata görə "Qoşa Park"da yanğın artıq söndürülüb, amma bəzi nöqtələrdə tüstülənmə hələ davam edir. Sakinlərin evakuasiyası da davam etməkdədir. Binaya daxil olmağa icazə verilmir. FHN-nin yüksək vəzifəli şəxslərinin hadisə yerinə gəldiyi bildirilir.
"İllərdir yazırıq, şikayətlər edirik ki, bu binada yanğın təhlükəsizliyinə əməl edilmir. Yanğınsöndürən maşınların həyətə girməsi üçün yol yoxdur, hər tərəfdə avtomobillər park edilib. Bu saat məndə 500 nəfər sakinin imzası ilə şikayət məktubu var. Baxan yoxdur. Axırı da belə. Kabel alışdı, yanğın sürətlə başqa mərtəbələrə yayıldı. Mənzillərdə sakinlər, qocalar, uşaqlar qalmışdı, tüstüdən boğulurdular. Birtəhər yuxarı qaçdım ki, insanlara kömək edim. Amma 18-ci mərtəbəyə qədər çıxa bildim, daha qalxa bilmədim"-bunları hadisə yerində olan əməkdaşlarımıza "Qoşa Park" kompleksinin sakinlərindən biri deyib.
Sakinlərin bildirdiyinə görə ötən il də bu binanın "B" blokunda yanğın olub, amma böyümədən qarşısı alınıb. Həmin yanğından sonra sakinlər müxtəlif instansiyalara şikayətlər etsələr də yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər görülməyib. İndi isə "A" bloku yanır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə indiyə qədər bina sakinlərindən 4-ü azyaşlı olmaqla 10 nəfərə ilkin tibbi yardım göstərilib. Tibbi yardımla bağlı müraciətlər daxil olmaqdadır.
Yanğın baş verən "Qoşa Park" 26 mərtəbəlidir. Sakinlərin bildirdiyinə görə yanğın binanın 12-ci mərtəbəsində başlayıb-orada kabel alışıb və yanğın başqa mərtəbələrə keçib. Bu dəqiqələrdə mənzillərdən birindən 3 azyaşlı uşaq xilasedicilər tərəfindən yarıhuşsuz vəziyyətdə çıxarılıb və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Sakinlərin bir qismi hələ binanı tərk edə bilməyiblər, 12-ci və daha yuxarı mərtəbələrdə hələ də sakinlər qalır. Onların arasında təşviş hökm sürür.