logo

Müdafiə Sənayesi Nazirliyi 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

13:27 19-01-2018 | icon 2793
Müdafiə Sənayesi Nazirliyi 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Müdafiə Sənayesi Nazirliyində (MSN) 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya keçirilib. YeniAvropa xəbər verir  ki,  nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin 2017-ci il üzrə istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.Kollegiyanın sədri Yavər Camalov respublikada əldə olunan uğurlardan danışıb. Nazir qeyd edib ki, 2017-ci ildə MSN-in müəssisələrində 15 məmulat üzrə təcrübi konstruktor işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Eyni zamanda, qara metal idxalının azaldılması istiqamətində görülmüş tədbirlər və mütərəqqi metodların tətbiqi nəticəsində qara metalın daxili bazar hesabına təmin edilməsi 12,3 faiz artırılıb.

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda iki istehsalat müəssisəsində də kompleks tamamlanma işləri başa çatdırılıb və prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yaxın zamanlarda daha iki zavodun açılışı nəzərdə tutulur.

Nazir bildirib ki, 2017-ci ildə MSN-nin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilib. Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub. Yeni nəsil silah növlərindən ”Yalquzaq” snayper tüfənginin, müxtəlif millimetrlik minaatanların, müxtəlif millimetrlik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub. Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif millimetrlik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün dörd adda lülənin istehsalat hazırlığı başa çatdırılıb və seriyalı istehsalı mənimsənilib.

Hesabat dövründə respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müxtəlif adda müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Hazırda Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qurumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir. Ötən il ixrac olunan məhsulun həcmi 2016-cı ilə müqayisədə 2,3 dəfə artıb.

Bildirilib ki, 2017-ci ildə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə də işlər davam etdirilib. Hesabat dövründə nazirliyin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq, 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılıb.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 31 mövzu, o cümlədən müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən isə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən 17 müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb.

Vurğulanıb ki, 2009-cu ildən dövlətimizin başçısının tapşırığına əsasən, sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi 2014-cü və 2016-cı illərdə “ADEX” adı altında Azərbaycanda keçirilən beynəlxalq müdafiə sərgilərinin təşkilatçısına çevrilib. Cari ildə “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin yüksək səviyyədə keçirilməsi üçün təşkilati işlərə başlanılıb. Sonuncu dəfə 2017-ci ilin mayında İstanbulda keçirilən “IDEF-2017” sərgisində 260 adda məmulat nümayiş etdirən Müdafiə Sənayesi Nazirliyinin sentyabrda Bakıda keçiriləcək “ADEX-2018” sərgisində yeni məmulatlar nümayiş etdirməsi nəzərdə tutulur.

6-2