logo

Azərbaycanda diplomatik xidmət orqanlarının yaradılmasından 105 il ötür

09:01 09-07-2024 | icon 1120
Azərbaycanda diplomatik xidmət orqanlarının yaradılmasından 105 il ötür

Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 105 il ötür.

YeniAvropa xəbər verir ki, müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul olunduğunu əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Diplomatiya gününün müəyyənləşməsi ilə bağlı bir neçə təklif nəzərdən keçirilib. Amma nəticədə belə qərar verilib ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.

Azərbaycan diplomatiyası ilk addımlarını atdığı dövrdə - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan Hökuməti tərəfindən Qərbi Avropa və Amerikada ölkənin diplomatik nümayəndəliklərinin təsis edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.

1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanındı.

Bu gün Azərbaycan Avropa Şuraşı, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların üzvüdür, Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və digər beynəlxalq qurumlarla sıx münasibətlərə malikdir və onların işində fəal rol oynayır.