logo

İstilərə görə 3 nazirlik əhaliyə müraciət etdi

12:58 05-07-2024 | icon 1281
İstilərə görə 3 nazirlik əhaliyə müraciət etdi

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə birgə müraciət edib.

YeniAvropa-ya daxil olan müraciətdə deyilir ki, yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır.

Təəssüflə qeyd edilib ki, aidiyyəti qurumlar tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, meşə və kənd təsərrüfatı sahələrində baş vermiş yanğınların təhlili onların əsas səbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlər tərəfindən sahələrin yandırılması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışı olduğunu göstərir. Ən kiçik ehtiyatsızlıq belə, əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırır: “Ölkəmizə, həmçinin insanların həyat və sağlamlığına zərər vurmamaq üçün taxıl zəmilərində və meşələrdə açıq alovdan istifadə etməyin, bu ərazilərdə tonqal qalamayın, tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın. Küləkli havada xüsusilə diqqətli olun. Kiçik yanğın ocağı görsəniz, onu su, torpaq və ya qum ilə söndürməyə çalışın. Yanğın, yaxud onun əlamətlərini aşkarlasanız, bu haqda dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verin”.