logo

Avropa İttifaqına sədrlik Macarıstana keçib

10:10 01-07-2024 | icon 2219
Avropa İttifaqına sədrlik Macarıstana keçib

Macarıstan Avropa İttifaqı(Aİ) rəhbərliyi ilə bir sıra məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasındakı münaqişə, eləcə də miqrasiya məsələləri üzrə ciddi fikir ayrılıqları fonunda təşkilatın Şurasında altı aylıq sədrliyə başlayır.

YeniAvropa xəbər verir ki, Budapeşt iyulun 1-də estafeti Belçikadan təhvil alır və dekabrın sonunda rotasiya qaydasında onu Polşaya ötürəcək.

Budapeştlə Brüssel arasında formalaşan mürəkkəb münasibətlər hətta Macarıstanın sədrliyi dövründə “Avropanı yenidən möhtəşəm edək!” şüarının seçilməsində də özünü göstərib. Bu, Aİ-nin hazırkı rəhbərliyinin dəstəkləmədiyi, lakin Macarıstanın baş naziri Viktor Orban tərəfindən açıq şəkildə təbliğ edilən ABŞ-ın sabiq Prezidenti Donald Trampın seçkiqabağı şüarına bənzəyir.

Budapeştin sədrliyinin rəsmi loqosu “Rubik kubu”dur, onun bir tərəfində Macarıstanın qırmızı, ağ və yaşıl rəngli Dövlət bayrağı, digər tərəfində isə dairədə düzülmüş ulduzlar şəklində Avropa İttifaqının gerbi təsvir edilib. Bu il macar mühəndis Ernyö Rubikin ixtirasının 50 yaşı tamam olub.

Sədrliyin saytında qeyd edildiyi kimi, “Rubik kubu” tapmacası strateji baxış, səbir, nizam-intizam və dəqiqlik, yəni, Macarıstanın Aİ Şurasına sədrliyi üçün vacib olan keyfiyyətləri ehtiva edir.