logo

EURO-2024: Ukrayna millisi əzmkar qələbə qazanıb

18:45 21-06-2024 | icon 2702
EURO-2024: Ukrayna millisi əzmkar qələbə qazanıb

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.

YeniAvropa xəbər verir ki, E qrupunun II turunun ilk matçında Ukrayna və Slovakiya yığmaları qarşılaşıblar. Görüş ukraynalıların əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Matçda hesabı 17-ci dəqiqədə slovakiyalılar açıblar. İvan Şrants başla dəqiq oynayıb. İlk hissə Slovakiya seçməsinin üstünlüyü ilə yekunlaşıb.

İkinci yarıya daha fəal və istəkli başlayan Ukrayna millisi geridönüş edə bilib. 54-cü dəqiqədə Mikola Şaparenko, 80-ci dəqiqədə isə Roman Yaremçuk fərqləniblər.

Bu nəticə ilə xallarını 3-ə çatdıran Ukrayna yığması 2-ci pilləyə yüksəlib. Eyni xala malik Slovakiya 3-cüdür. Qrupa 3 xalla Rumıniya başçılıq edir. Xalı olmayan Belçika isə sonuncudur.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.