logo

Putin Kim Çen Inla strateji tərəfdaşlıq müqaviləsi imzalayıb

13:13 19-06-2024 | icon 2674
Putin Kim Çen Inla strateji tərəfdaşlıq müqaviləsi imzalayıb

Rusiya prezidenti Vladimir Putinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri çərçivəsində iyunun 19-da iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.

YeniAvropa xəbər verir ki, sənədi KXDR lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sənədin keçmiş SSRİ ilə KXDR arasında 1961-ci ildə imzalanmış dostluq və qarşılıqlı dəstək haqqında müqaviləni, 2000-ci ildə Rusiya ilə Şimali Koreya arasında imzalanmış dostluq və mehriban qonşuluq haqqında müqaviləni, habelə Moskva (2000-ci il) və Pxenyan (2001-ci il) bəyannamələrini əvəz edəcəyini bildirib. Onun sözlərinə görə, yeni sənədə ehtiyac dünyada və regionda geosiyasi vəziyyətin kəskin dəyişməsi, eləcə də Rusiya ilə KXDR arasında ikitərəfli münasibətlərdə baş verən keyfiyyət dəyişiklikləri ilə bağlıdır. Kremlin nümayəndəsi qeyd edib ki, yeni sənəd beynəlxalq hüququn bütün fundamental prinsiplərinə riayət edəcək, heç bir qarşıdurma xarakteri daşımayacaq və heç bir ölkəyə qarşı yönəldilməyəcək, şimal-şərqi Asiya regionunda daha çox sabitliyin təmin edilməsinə yönələcək.

Qeyd edək ki, iyunun 18-də Rusiya prezidenti Vladimir Putinin KXDR lideri Kim Çen Inın dəvəti ilə bu ölkəyə səfəri başlayıb. İyunun 19-da Pxenyanın Kim İr Sen meydanında Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub. Ardınca dövlət başçılarının geniş tərkibdə, sonra isə təkbətək görüşü olub.