logo

“Gazprom” bu il “Türk axını” layihəsinə 3,2 milyard dollar xərcləyəcək

20:46 15-01-2018 | icon 2345
“Gazprom” bu il “Türk axını” layihəsinə 3,2 milyard dollar xərcləyəcək

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti cari ildə “Türk axını” qaz boru kəməri (“Turkish Stream”) layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. YeniAvropa xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Xəbərdə qeyd olunur ki,  bu il “Gazprom”un “Türk axını” layihəsinə sərf edəcəyi vəsait 2017-ci illə müqayisədə 89,6 faiz artaraq 182,4 milyard rubl (təxminən 3,2 milyard dollar) olacaq. Şirkət ötən il layihəyə 92,8 milyard rubl xərcləmişdi.

Qeyd edək ki, “Türk axını” qaz boru kəməri mayda Türkiyə sahillərinə çatacaq. Layihə üzrə qoşa xəttin ümumilikdə 700 kilometrdən çoxunun inşası tamamlanıb və boru kəməri 1860 kilometr uzunluğunda olacaq. 2019-cu ilin sonunda ilk Rusiya təbii qazının Türkiyəyə çatdırılması planlaşdırılır.

“Türk axını” boru kəmərinin dəniz hissəsinin inşasının 38 faizdən çoxu yekunlaşıb. İki xətdən ibarət olan və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq kəmərin dəniz hissəsinin tikintisini Rusiyanın “Gazprom” şirkətinin 100 faizlik törəməsi olan “South Stream Transport B.V.” həyata keçirir.

“Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.